CƏMİYYƏT
Tokionun qubernatoru müsəlman ölkələrinin səfirləri üçün ilk dəfə iftar süfrəsi açıb
Tokio, 14 iyun, AZƏRTAC
Tokionun qubernatoru xanım Koike Yuriko Yaponiyada akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün ilk dəfə iftar süfrəsi təşkil edib. Tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edib.
İftar zamanı K.Yuriko ilə söhbət edən G.İsmayılzadə ona Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, idman yarışları, o cümlədən F-1, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər yarışlar barədə məlumat verib.
Tədbirdə çıxış edən K.Yuriko 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları zamanı müsəlman ölkələrini təmsil edəcək idmançıların adət-ənənələrinə xüsusi hörmət və diqqətlə yanaşılacağını vurğulayıb. Bildirib ki, həmin ölkələrin təmsilçiləri üçün halal yeməklərin hazırlanması, namaz qılmaq üçün ibadət yerlərinin yaradılması diqqət mərkəzində saxlanacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio