CƏMİYYƏT
Toksikoloji səbəblərdən ölüm hadisələrində azalma müşahidə edilir
Bakı, 23 fevral, AZƏRTAC
Respublika Toksikologiya Mərkəzində illik hesabata dair mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudovun verdiyi məlumata görə, ötən ilin statistikasına əsasən mərkəzə 2016-cı il ərzində ümumilikdə 2200 xəstə qəbul olunub. Bunlardan 800 nəfəri dərman, 500-ü dəm qazı, 300-ü isə yandırıcı məhlul (əsasən sirkə turşusu) zəhərlənmələrindən kəskin ağır, ağır və orta ağır dərəcədə daxil olublar. Bundan əlavə 90 xəstə ilan zəhəri, 250 nəfər kəskin allergik reaksiya ilə mərkəzə müraciət edib. Allergiya ilə bağlı verilən məsləhətlərin sayı 2015-ci illə müqayisədə 2.5-3 dəfə artıb.
Toksikoloji səbəblərdən ölüm hallarında 2015-ci illə müqayisədə azalma müşahidə olunur. Belə ki, 2015-ci ildə 68 (2.7 faiz), 2016-cı ildə isə 52 nəfər (2.5 faiz) bu səbəbdən dünyasını dəyişib. Ölüm hallarının 80-90 faizi sirkə turşusu, psixotrop və narkotik təsirli dərmanlar, antidepresantların istıfadəsi nəticəsində baş verib ki, bunların 30 faizi intiharlardı. Dərman preparatları ilə zəhərlənənlər 20-50 yaş arası, sirkə turşusu ilə isə 40-80 yaş arası olan insanlardır.
Mərkəzdə fəaliyyət göstərən toksiki-kimyəvi laboratoriyanın fəaliyyəti barədə məlumat verən A.Maqsudov, burada mövcud cihazlar vasitəsilə kimyəvi-toksikoloji analizlərin daha tez və keyfiyyətli alınmasında əsas rol oynadığını qeyd edib.