MƏDƏNİYYƏT
Tolerant, multikultural Azərbaycanım
Bakı, 9 noyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Sənət Mərkəzi və “Yaradıcı qadınlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunmuş “Tolerant, multikultural Azərbaycanım” adlı sərgi-tədbir keçirilib.
Xətai Sənət Mərkəzində təşkil edilən sərgidə müxtəlif yaşda 100-dən çox peşəkar və həvəskar rəssamın təsviri sənətin bütün janrlarını əks etdirən 300-dək əsəri təqdim olunub.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov, “Yaradıcı qadınlar” İctimai Birliyinin sədri Afaq Hüseynova tədbirdə çıxış edərək bildiriblər ki, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının hamiliyi ilə keçirilən müntəzəm sərgilər Azərbaycan mədəniyyətinin inkişafına sanballı töhfə verir.
Sərginin təşkilatçıları iştirakçıları müxtəlif nominasiyalarda sertifikatlar və fəxri fərmanlarla mükafatlandırıblar.
Əməkdar Artist Naina İbrahimova “İlin yaradıcı aktrisası” nominasiyasında mükafatlandırılıb. O, bu mükafata XX əsrin meqa-ulduzlarının obrazlarını yaratdığı maraqlı fotolayihələrə görə layiq görülüb. Tədbirə sevimli obrazında – kino ulduzu Merilin Monro obrazında qatılan Naina İbrahimova həmin obrazda əks olunduğu fotoşəkilləri təqdim edib. Məşşatə və qrimçi-rəssam Nura Babayeva Merilin Monronun mükəmməl obrazının yaradılmasına töhfəsinə görə “İlin yaradıcı qrimçisi” nominasiyasında fəxri fərmana layiq görülüb.
Gənc ifaçı Vüqar Kamil oğlu Əməkdar Artist Tünzalə Ağayevanın “Qurban olum” mahnısının ifasına görə “İlin yaradıcı müğənnisi”, rejissor Natiq Novruzov Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynliyə həsr olunmuş “Xüsusi təyinatlı İbad” filminə görə “İlin yaradıcı rejissoru” nominasiyalarında mükafatlandırılıblar.
Layihənin kuratorları - Elnurə və Aygün İsgəndərova bacıları müvafiq olaraq “İlin layihəsinin yaradıcı rəhbəri” və “Dekorativ-tətbiqi sənət janrında ilin yaradıcı rəssamı” nominasiyalarında mükafatlar alıblar.
Sərgiləri uzun müddət fəal işıqlandırdıqlarına görə kütləvi informasiya vasitələrinin əməkdaşları da fəxri fərmanlara layiq görülüblər. AZƏRTAC-ın müxbiri Ayişə Axundova mükafatlandırılanlar arasındadır. O, “İlin yaradıcı jurnalisti” nominasiyasının qalibi olub.