REGİONLAR
Tolerantlığın Azərbaycan modeli dünya üçün nümunədir
Bərdə, 15 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə 16 Noyabr – Beynəlxalq Tolerantlıq Gününə həsr olunan silsilə tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, Bərdə rayon Heydər Əliyev Mərkəzində keçirilən növbəti tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Rayon icra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya tədbiri açaraq Beynəlxalq Tolerantlıq Gününün tarixindən, multikultural dəyərlərin inkişafının əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edənlər bildiriblər ki, ulu öndər Heydər Əliyevin müdrik siyasətində multikulturalizm və tolerantlıq amili xüsusi yer tutub. Bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi bu uğurlu siyasətin bariz nümunəsidir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.