REGİONLAR


Tolerantlığın kiçik modeli olan Qəbələnin Nic qəsəbəsinə ilk dəfə təbii qaz verilib

A+ A

Qəbələ, 17 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələ rayonunun ən böyük yaşayış məntəqələrindən biri olan Nic qəsəbəsinə ilk dəfə təbii qaz verilib.

AZƏRTAC xəbər verir ki, qəsəbəyə təbii qazın verilməsi münasibətilə sentyabrın 17-də keçirilən mərasimə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin rəhbər işçiləri, ictimaiyyət nümayəndələri qatılıblar.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qəsəbə sakinlərini ilk dəfə təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik ediblər.

Ölkəmizdə reallaşan sosial layihələrdən bəhs edən Fəttah Heydərov hər kənddə qazlaşdırmanın xüsusi diqqət mərkəzində saxlanıldığını, respublika üzrə qazlaşdırmanın uğurla başa çatdırılacağını bildirib.

Qeyd olunub ki, 1525 abonenti olan Nic qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 1505 metr müxtəlif diametrli polietilen və 194 min 966 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 1525 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qəsəbə ağsaqqalları, ziyalılar çıxışlarında əhaliyə ilk dəfə təbii qazın verilməsinin əsil bayrama çevrildiyini bildiriblər. Qeyd edilib ki, müsəlmanlar və xristianların birgə mehriban şəraitdə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik modelidir. Belə ki, Nic qəsəbəsində 3 kilsə və iki məscid var. Altı min nəfər əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar.

Vurğulanıb ki, keçmiş sovetlər dönəmində udinlərə öz milli bayramlarını qeyd etmək qadağan olunub, “Cotari” Udi-Alban Kilsəsinin fəaliyyəti dayandırılıb. Həmçinin o dövrdə ölkəmizin bir çox yaşayış məntəqələri qazlaşdırılsa da, Qəbələnin böyük qəsəbəsi olan Nicə təbii qaz xətti çəkilməyib. Ancaq Azərbaycan müstəqillik əldə etdikdən sonra udinlər öz milli bayramalarını hər il qeyd ediblər. Onlara yaradılan imkanların bariz nümunəsi kimi Heydər Əliyev Fondunun dəstəyi ilə 2002-ci ildə “Cotari“ məbədi əsaslı təmir və bərpa olunaraq udinlərin istifadəsinə verilib. Qəsəbədə yeni məktəblər inşa edilib, yollar asfaltlanıb, geniş abadlıq işləri görülüb və ilk dəfə qaz xətləri çəkilərək əhali “mavi yanacaq”la təmin olunub.

Çıxışlardan sonra qəsəbəyə təbii qazın verilməsi münasibətilə rəmzi məşəl alovlandırılıb.

Mərasim iştirakçıları evlərə baş çəkib, “mavi yanacağ”ın təzyiqini yoxlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.