REGİONLAR
Tolerantlığın məkanı olan Azərbaycanda dini dəyərlərə ehtiramla yanaşılır
Naxçıvan, 31 may, AZƏRTAC
Azərbaycan dövləti və xalqı dünyada mövcud olan ayrı-ayrı qondarma dini cərəyanların İslam dininin ali dəyərlərinə zidd olan terror və vəhşiliklərinə qarşıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Dövlət Universitetində keçirilən “Dini ekstremizm” mövzusuna həsr olunan “dəyirmi masa”da səsləndirilib.
Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ənənəvi şəkil alan “dəyirmi masa”ların gənclərdə hərtərəfli dünyagörüşü, intellekt və sağlam təfəkkür formalaşdırdığını vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan tolerantlığın mövcud olduğu, dini dəyərlərə ehtiramla yanaşıldığı bir ölkədir. Rektor beynəlxalq terrorizmə, o cümlədən dini ekstremizmə qarşı mütəşəkkil mübarizənin zəruriliyindən danışıb. Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev və universitetin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Əbülfəz Əzimli çıxışlarında beynəlxalq terrorizmin, xüsusilə də dini ekstremizmin müasir sivil dünya və milli təhlükəsizlik üçün böyük bəla olduğunu vurğulayıb.
Bildirilib ki, Azərbaycan dövləti və xalqı İslam dininin ali dəyərlərinə zidd olan terror və vəhşiliklərə qarşıdır. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il dekabrın 5-də imzaladığı Fərman bunu bir daha təsdiq edir.
Vurğulanıb ki, bugünkü gənclik milli mənəvi dəyərlər əsasında tərbiyə olunmalı, ekstremizm əleyhinə amansız mübarizə aparmalıdır.
Diskussiya şəklində yekunlaşan “dəyirmi masa”da tələbələrin sualları cavablandırılıb.