REGİONLAR


Tolerantlıq Azərbaycan xalqının əsrlər boyu yaşatdığı milli dəyərdir

A+ A

Göyçay, 8 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan tolerantlıq ölkəsidir, tolerantlığa elmi-nəzəri baxış” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Gənclər Mərkəzində təhsil işçilərinin, ağsaqqal və gənclərin, dini icma sədrlərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun məruzəçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA fəlsəfə İnstitutunun “Heydər Əliyev Məktəbi”nin məsul katibi Sənan Həsənov çıxış edərək, tolerantlığın xalqımız tərəfindən əsrlər boyu yaşadılan milli dəyər olduğunu bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tolerantlığın yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb, Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcə də İslam və digər dinlərə etiqad edənlərə yaradılan şəraitdən danışıb. Qeyd edib ki, ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə qurulub, dinlərarası ünsiyyət təmin edilib, Azərbaycan tolerant ölkə kimi bütün dünyaya nümunəyə çevrilib.

Sənan Həsənov bildirib ki, multikulturalizm çoxmədənilik, fərqli mədəniyyətlərin birgə yaşaması, ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə və dünyagörüşünə hörmətlə yanaşmasıdır. Azərbaycan bu məsələdə hər zaman nümunəvi ölkə olub. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi, bütövlükdə, xalqımızın tarixi mədəniyyətinin bir daha parlaq şəkildə göstərilməsidir.

Rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, dini icmaların sədrləri, ağsaqqallar və gənclər çıxış edərək, Azərbaycanın tolerantlıq mərkəzi kimi bütün dünyada nüfuzunun daha da artmasına xidmət edən maarifləndirmə xarakterli bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbir diskussiya şəraitində davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.