CƏMİYYƏT
Tolerantlıq Azərbaycan xalqının ruhundadır
Bakı, 14 noyabr, AZƏRTAC
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə 16 noyabr – Beynəlxalq Tolerantlıq Gününə həsr olunan silsilə tədbirlər keçirilir.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirilən növbəti tədbirdə rayonun bütün idarə və təşkilatlarının nümayəndələri, din xadimləri, yerli sakinlər iştirak ediblər.
Tədbiri açan rayon icra hakimiyyəti başçısının müavini Zeynəb Əsgərova Azərbaycanda hökm sürən tolerant mühit və ölkəmizdə aparılan multikultural siyasət barədə məlumat verib.
Beynəlxalq Tolerantlıq Gününün 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edildiyini xatırladan Bilik Fondunun baş mütəxəssisi Vidadi Rzayev Azərbaycanın bütün dünyada tolerantlıq örnəyi kimi tanındığını vurğulayıb. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Ölkəmizdə məskunlaşan bütün xalqların və müxtəlif dinlərin nümayəndələri birgəyaşayış nümayiş etdirirlər. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Prezident İlham Əliyev bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.
Sonra rayonun axundu İntiqam Mirqani və Bilik Fondunun yerli nümayəndəsi Cəmilə Ağamalıyeva çıxış edərək multikulturalizmin Azərbaycan modelinin yaranmasından və bu sahədə qazanılan uğurlardan danışıblar.