REGİONLAR


Tolerantlıq Azərbaycanda həyat tərzinə çevrilib VİDEO

A+ A

Qazax, 31 avqust, AZƏRTAC

Avqustun 31-də Qazax rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib.

Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, eləcə də bölgədə fəaliyyət göstərən hüquq mühafizə orqanlarının rəhbərliyi, dini işlər üzrə komissiyanın üzvləri, YAP rayon təşkilatının rəhbərliyi, dini icma sədrləri, din xadimləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.

Konfrans dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransı açaraq bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Respublikamız dünyada tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr Mübariz Qurbanlı multikultural və tolerant dəyərlərimiz haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan dünyada tolerant ölkə kimi tanınır və tolerantlıq bizim həyat tərzimizə çevrilib.

Dövlət Komitəsinin sədri diqqəti din pərdəsi altında aparılan münaqişələrə çəkərək bildirib ki, dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir, İslamı siyasiləşdirərək qarşıdurma yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Din amilindən siyasi vasitə kimi istifadə olunduğu bir dövrdə Azərbaycan dünyaya qlobal təhlükəsizlik məsələlərində töhfə verən bir ölkəyə çevrilib.

Komitənin sifarişi ilə hazırlanan “Fitnə” filmindən də danışan M.Qurbanlı qeyd edib ki, sənədli filmdə dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri işıqlandırılır.

Konfransda müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.