ELM VƏ TƏHSİL
“Tolerantlıq multikulturalizmin təməlidir” mövzusunda elmi seminar
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Beynəlxalq Tolerantlıq Gününə həsr olunan “Tolerantlıq multikulturalizmin təməlidir” mövzusunda elmi seminar keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru, professor Fərəh Əliyeva ölkəmizdə multikulturalizm mövzusunda müxtəlif tədbirlərin keçirildiyini söyləyib. Qeyd edilib ki, multikulturalizm və tolerantlıq qoşa addımlayan anlayışlardır. Çünki multikultural dəyərlər olmayan cəmiyyətdə heç vaxt tolerant münasibət ola bilməz. Tolerantlıq multikulturalizmin bərqərar olmasında ilkin prinsiplərdən biridir. Azərbaycan mədəniyyətində də tarixən bu iki məfhum yanaşı dayanıb. Musiqi irsinə baxsaq, rəssamlarımızın yaradıcılığında hər zaman müxtəlif xalqların, millətlərin mədəniyyəti və incəsənətinə çox həssas münasibət olub, onlara dəyər verilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) nümayəndəsi Yadigar Məmmədli bildirib ki, BBMM-in məqsədi Azərbaycanda multikultural durumu tədqiq etmək, araşdırmaq və bu sahədə alimlərin işlərini təbliğ etməkdir.
Təhsil Nazirliyinin əlaqələndiricisi Elçin Sərdarov təmsil etdiyi qurumun məktəblərdə və ali təhsil ocaqlarında “Multikulturalizm ili” çərçivəsində təlimlər keçirdiyini söyləyib.
Seminarda “Milli kimlik və multikultural proseslər”, “Tolerantlıq demokratik cəmiyyətin atributu kimi”, “Multikulturalizmin Azərbaycan modeli” mövzularda məruzələr dinlənilib. “Azərbaycan humanizmin və tolerantlığın beşiyidir” adlı musiqili videoçarx nümayiş olunub.