DÜNYA
Tomas Bax İmperator Akihito ilə “Tokio-2020” Olimpiadasına hazırlığın gedişini müzakirə edib
Tokio, 22 oktyabr, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Yaponiya İmperatoru Akihito ilə Tokioda keçiriləcək 2020-ci il Olimpiya Oyunlarına hazırlıq məsələlərini müzakirə edib.
Görüşdə İmperator Rio-de-Janeyroda keçirilən “Rio-2016” Olimpiya Oyunlarının uğurlu təşkili münasibətilə təbriklərini çatdırıb və qaçqınların yığmasının Olimpiya hərəkatına verdiyi töhfəni yüksək qiymətləndirib.
Öz növbəsində BOK-un prezidenti Yaponiya idmançılarının uğurlu çıxışını qeyd edib və “Tokio-2020” Oyunlarına hazırlığın gedişindən razılığını bildirib.
BOK-un bəzi idman yarışlarının bir hissəsinin 2011-ci ildə baş vermiş zəlzələ və sunamidən zərər çəkən ərazilərdə keçirilməsi barədə təklifi İmperator tərəfindən yüksək qiymətləndirilib.
Xatırladaq ki, XXXII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio