ELM VƏ TƏHSİL
Tomas Lankaster: Cəmiyyətdə plagiatçılıqla məşğul olmaq geniş yayılıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Cəmiyyətin bütün sahələrində uğurların əldə edilməsi məqsədilə qısa yollar axtarmaq və qeyri-qanuni hərəkətlərə yol vermək, plagiatçılıqla məşğul olmaq geniş yayılıb. Belə bir mühitdə bəzi gənc alim və tədqiqatçıların öz məsuliyyətlərini dərk etməyərək elmi fəaliyyətlərini internet və digər mənbələrdən köçürməklə yerinə yetirmələri ciddi narahatlıqlar doğurur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun və ABŞ-ın “Turnirin” şirkətinin təşkilatçılığı ilə “Plagiatçılıq və onunla mübarizə” mövzusunda respublika elmi-praktik seminarında İngiltərənin Koventri Universitetinin professoru Tomas Lankaster söyləyib.
T.Lankaster ali təhsil müəssisələrində plagiatçılıqla bağlı ortaya çıxan problemlər və onların həlli yollarından danışıb. O deyib ki, ali təhsil müəssisələrində plagiatçılığın qarşısının alınması müəllim, tələbə və tədqiqatçıların daxil olduğu elmi etika mədəniyyətinin formalaşdırılmasını zəruri edir.