ELM VƏ TƏHSİL
“Tomson Reuters”: Azərbaycanın elmi jurnalının təsir əmsalı yüksəlib
Bakı, 14 iyun, AZƏRTAC
ABŞ-ın “Clarivate Analytics” təşkilatı ("Tomson Reuters") tərəfindən açıqlanan 2016-cı ilin hesabatına əsasən, Azərbaycanı təmsil edən “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama Riyaziyyatı) jurnalının təsir əmsalı (impact factor) 0.717-dən 1.333-ə yüksəlib.
Qeyd edək ki, “Applied and Computational Mathematics” jurnalı “impact factor” göstəricisinə görə regionda liderliyi qoruyur. Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis etdiyi bu jurnal təsir əmsalına malik ilk və yeganə jurnaldır.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, 2002-ci ildən ingilis dilində nəşr olunan jurnalda tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir.
Nəşr olunduğu 16 il müddətində “Applied and Computational Mathematics” jurnalı 45 ölkədən 200-dən çox beynəlxalq elm və təhsil müəssisəsi ilə elmi mübadilə həyata keçirib.