MƏDƏNİYYƏT
“Top Resa 2015” beynəlxalq turizm sərgisinin yekunlarına həsr olunmuş görüş keçirilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə ölkəmizin Paris şəhərində keçirilən “Top Resa” beynəlxalq turizm sərgisində iştirakının yekunlarına həsr olunmuş görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi sərgidə təmsil etmiş şirkətlərin, eləcə də yerli turizm sənayesinin digər nümayəndələri iştirak edib.
Görüşdə Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin Fransanın Turizm Agentliklərinin Milli Assosiasiyası (SNAV) ilə birgə cari ilin noyabrın 9-da ölkəmizin turizm potensialına dair təqdimatın keçirilməsi, hər iki ölkənin turizm sahəsində fəaliyyət göstərən turizm şirkətlər arasında B2B formatında görüşlərin təşkili, eləcə də Nazirlik, AZTA və SNAV arasında Anlaşma Memorandumunun imzalanması məsələsi də müzakirə edilib.
Tədbirdə “Silk Way travel” şirkətinin direktoru Şirzad Əfəndiyev çıxış edərək təmsil etdiyi şirkətin ölkəmizə daha çox xarici turistlərin gəlməsini təmin edəcək yeni kampaniya barədə məlumat verib.
Qeyd edək ki, Fransanın Paris şəhərində keçirilən "Top Resa 2015" beynəlxalq turizm sərgisi zamanı Azərbaycanın milli stendində mədəniyyətimiz, tariximiz, eləcə də, ölkəmizin turizm imkanları haqqında fransız və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunub, ziyarətçilərlə işgüzar görüşlər keçirilib. Bu il "Top Resa 2015" beynəlxalq sərgisində 160 ölkənin 365 stendi qurulub.