İDMAN
Topaz Premyer Liqasının 17-ci turuna yekun vurulub
Bakı, 18 dekabr, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasının 17-ci turuna dekabrın 18-də yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşması Sumqayıtda “KapitalBank Arena”da keçirilib. “Sumqayıt” - “Qəbələ” qarşılaşması 1-1 hesabı ilə başa çatıb. Sumqayıtlıların heyətində 67-ci dəqiqədə Məhəmməd Qurbanov fərqlənib. Qonaq komandadan isə Cavid Hüseynov 86-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Ağdamın “Qarabağ” komandası isə səfərdə “Xəzər Lənkəran”ı məğlub edə bilib – 2:3. Ağdamlıların qollarını 7-ci və 63-cü dəqiqələrdə Muarem Muarem, 80-ci dəqiqədə isə Bədavi Hüseynov vurublar. “Qarabağ”ın futbolçusu Qara Qarayev oyunun 17-ci dəqiqəsində avtoqolla yadda qalıb. Lənkəranlıların digər qolunun müəllifi isə 56-cı dəqiqədə Sadio Tounkara olub.
“İnter Arena” stadionunda isə paytaxt derbisi baş tutub. “İnter”-“Neftçi” qarşılaşmasında hesabı oyunun 41-ci dəqiqəsində qonaqların futbolçusu Nikolas Kanales açıb. Lakin ev sahibləri 63-cü və 71-ci dəqiqələrdə Franka Nildo və Məhəmməd Mirzəbəyovun qolları ilə qələbəni təmin ediblər – 2:1.
Qeyd edək ki, 17 turdan sonra “Qarabağ” 31 xalla çempionata başçılıq edir. “İnter” (28 xal) ikinci, “Neftçi” (26 xal) isə üçüncüdür.