İDMAN
Topaz Premyer Liqasının VI turunun “İnter” – “Bakı” oyunu hər iki klubun tarixinə düşüb
AZƏRTAC xəbər verir ki, “İnter Arena” stadionunda qeydə alınan 7:0 hesablı qələbə “İnter”in bu ad altında Azərbaycan çempionatlarında qazandığı ən böyük hesablı qalibiyyətdir. Paytaxt təmsilçisi tarixi ərzində yalnız bir dəfə - hələ “Xəzər Universiteti” adını daşıdığı zamanda daha fərqli zəfərə sevinmişdi. On bir il əvvəl 2003-cü il iyulun 5-də “İnter” komandası “Kəpəz”i 8 cavabsız qolla məğlub etmişdi.
“İnter”in tarixində daha bir qarşılaşma var ki, həmin oyunda komanda 7 və ya daha çox qol vurub. 2006-cı il sentyabrın 29-da Tovuzda “Turan”ın qonağı olan “İnter” 7:1 hesablı səfər qələbəsi qazanmışdı.
Altıncı turun qarşılaşması “Bakı” üçün ən acınacaqlı olub. Paytaxtın eyniadlı təmsilçisi bunadək çempionatdakı ən ağır yenilgisini “Dinamo” adını daşıdığı vaxt “Neftçi”dən almışdı. 2002-ci il martın 10-da keçirilən paytaxt derbisində “Neftçi” rəqibini 6 cavabsız qolla məğlub etmişdi.