İDMAN
Topaz Premyer Liqasının XXIII turu: Lider “Qarabağ” komandası xal itirib
Bakı, 19 mart, AZƏRTAC
Martın 19-da “Zirə”-“Qarabağ” oyunu ilə Topaz Premyer Liqasının XXIII turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, baş hakim Ramil Diniyevin idarə etdiyi oyun qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Komandaların cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb. “Qarabağ” matçın 66-cı dəqiqəsində “Zirə”nin heyətində Akim Latifunun qırmızı vərəqə almasından sonra yaranan üstünlükdən də istifadə edə bilməyib. Beləliklə, matçda qapılara top vurulmayıb və komandalar hərəyə bir xalla kifayətləniblər.
Xatırladaq ki, XXIII tur çərçivəsində digər görüşlərdə “Kəpəz” komandası “Sumqayıt”ı (1:0), “Neftçi” klubu isə “İnter”i (2:1) məğlub edib. “AZAL”-“Qəbələ” görüşü isə heç-heçə başa çatıb.
Beləliklə, XXIII turdan sonra çempionata Ağdam təmsilçisi başçılıq edir. Qurban Qurbanovun yetirmələrinin aktivində 49 xal var. “Qəbələ” 47 xalla ikinci, “İnter” 39 xalla üçüncüdür. “Zirə” 30 xalla dördüncü, “Neftçi” isə 26 xalla beşinci sıradadır. Aktivində 25 xal olan “Sumqayıt” altıncı, “Kəpəz” isə 24 xalla yeddinci yerdə qərarlaşıb. Çempionatın autsayderi olan “AZAL” komandasının 10 xalı var.