İDMAN
Topaz Premyer Liqasının XXXI turunda Qarabağ” – “Neftçi” oyunu yubileylərlə zəngin olub
Bakı, 27 aprel, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Neftçi” oyunu yubileylərlə zəngin olub.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildiriblər ki, meydan sahiblərinə 3:2 hesablı qələbə qazandıran Leroy Corcun matçda vurduğu son top mövsümdə 300-cü qol olub. Geridə qalan 31 turun 123 oyununda orta məhsuldarlıq 2,44-ə bərabərdir. Hollandiyalı futbolçu həm də “Qarabağ”da 20-ci qolunu vurub. O, buna 80 matçda nail olub. L.Corc çempionatda 16, avrokuboklarda 4 dəfə fərqlənib. Onun komanda yoldaşı Muarem Muarem də klubunda 20-ci qola sevinib. Buna 122-ci matçında nail olan makedoniyalı çempionatda 17, kubokda 1, avrokuboklarda 2 dəfə rəqib qapısına yol tapıb.
“Qarabağ”ın iki futbolçusu isə yubiley matçında iştirak edib. Namiq Yusifov Premyer Liqada 250-ci oyununu keçirib. Bu müddətdə 3 qol vuran futbolçu həmin matçların 209-na (1 qol) “Qarabağ”ın formasında çıxıb. Ölkə çempionatındakı matç sayını 100-ə çatdıran Bədavi Hüseynov isə 73 oyununu hazırki klubunda keçirib.
“Neftçi”nin futbolçusu Karlos Kardoso isə Premyer Liqada 50-ci matçına çıxıb. O, bu görüşlərdə 4 qol da vurub.