DÜNYA
Toronto Film Festivalında Mizgirevin "Duelçi" filminin premyerası olacaq
Bakı, 17 avqust, AZƏRTAC
Aleksey Mizgirevin “Duelçi” filminin dünya premyerası Toronto Beynəlxalq Film Festivalında baş tutacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Aleksey Mizgirevin rejissor, Aleksey Rodnyanski və Sergey Melkumovun prodüseri olduğu “Duelçi” filmi sentyabrın 8-dən 18-dək Kanadanın Toronto şəhərində keçiriləcək beynəlxalq film festivalının proqramına daxil edilib. Beləliklə, filmin dünya premyerası Şimali Amerikanın əsas festival tədbirində baş tutacaq.
Bundan başqa, bu il “Duelçi” filmi ilə yanaşı proqramda Cim Carmuşun “Paterson”, Xsavye Dolanın “Bu sadəcə dünyanın sonudur”, Ceff Nikolsun “Lavinq”, Andrea Arnoldun “Amerikalı şirin qız” filmləri nümayiş olunacaq.
“Duelçi” filmi triller, mistika və dram elementləri ilə zəngin olan macəra filmidir. Filim baş rollarını rusiyalı aktyorlar Pyotr Fedorov, Vladimir Maşkov, Aleksandr Yatsenko, Sergey Qarmaş, Yuri Kolokolnikov, Pavlo Tabakov, Julia Xlınina, həmçinin alman aktrisa Fransiska Petri, aktyor və teatr rejissoru Martin Vuttke ifa ediblər. Vuttke, geniş tamaşaçı kütləsinə “Şərəfsizlər”, “Bulud atlası” və “Ən təhlükəli adam” filmlərindəki rolları ilə məlumdur. Rusiyada “Duelçi” filminin nümayişi sentyabrın 29-na planlaşdırılır.