CƏMİYYƏT


Toronto alimləri Marneuli yaxınlığındakı İmir Təpədə aparılan arxeoloji qazıntılarla tanış olublar

Tbilisi, 6 iyun, AZƏRTAC

Kanadanın Toronto Universitetinin müəllimləri və tələbələri Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun İmir kəndində olublar.

Qonaqlar kəndə yaxın İmir Təpə adlanan ərazidə aparılan arxeoloji qazıntılarla tanış olub, Marneulidəki tarixi abidələrə aid sərgiyə baxıblar.

İmir Şomu Təpə arxeoloji ekspedisiyasının rəhbəri, professor Mindia Calabadze arxeoloji tədqiqatlarla bağlı məlumat verib. Bildirib ki, beynəlxalq layihə əsasında üç ildir ki, bu ərazilərdə aparılan arxeoloji qazıntı işləri iyunun 10-da başa çatacaq. Axtarışlar zamanı bu ərazilərdə tapılan kənd təsərrüfatı məhsulları, müxtəlif alətlər, o cümlədən üzüm tumları burada qədim insanların yaşadığını sübut edir. Buradan tapılan üzüm toxumu Gürcüstanın Milli Muzeyində saxlanılır. Məlum olub ki, 8 min il bundan əvvəl Cənubdan gələn insanlar bu bölgədə məskunlaşıb və burada kənd təsərrüfatını inkişaf etdiriblər. Arxeoloji qazıntılar aparılan bölgədə hazırda azərbaycanlılar yaşayırlar. Bu torpaq çox məhsuldardır.

Alim deyib: “Arxeoloji qazıntılar aparılacaq belə məhsuldar torpaqlar, Şomu Təpə Mədəniyyəti Azərbaycanda, eləcə də Türkiyədə var. Biz layihə çərçivəsində axtarışları Şulaveri Şomu Təpə Mədəniyyətində davam etdirəcəyik. Bu təpə qədim Şulaveri Şomu Təpə Mədəniyyəti ilə zəngin bir sahədir”.

Marneuli Rayon İcra Hakimiyyətinin başçısı gələcəkdə Marneulinin turizm məkanına çevriləcəyini bildirib.

Toronto Universitetinin professoru Stiven Batuki jurnalistlərə müsahibəsində deyib: “Məqsədimiz İmir Təpədə aparılan arxeoloji qazıntılara baxmaq, təcrübə mübadiləsi aparmaqdır. Biz İmir Təpədə xüsusi proqramla qazıntılar aparırıq. Bu təpə qədim yerdir. Biz burada yaşayış yerləri, kənd təsərrüfatında istifadə olunan alətlər, şərabçılığa aid əşyalar və üzüm toxumu tapdıq. Biz, həmçinin neolit dövrünə aid abidələrə rast gəldik. Amma biz burada əvvəllər kimin yaşadığını və onların hansı dildə danışdığı haqqında bir məlumat əldə etməmişik”.

Toronto Universitetinin kollektivini Gürcüstanın Milli Muzeyinin əməkdaşları, Kvemo Kartli-Borçalı bölgəsinin, Marneuli Rayon İcra Hakimiyyətinin və bələdiyyənin nümayəndələri müşayiət ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.