REGİONLAR
Torpağın minimal və sıfır becərilməsi üsulu ilə səpin aparılması fermerlərə əyani şəkildə nümayiş etdirilib
Şamaxı, 2 oktyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-də Şamaxıda “Payızlıq taxıl əkini üçün şumun və səpinin optimal müddətdə başa çatdırılması” mövzusunda tarla müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə nazirliyin bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Mərkəzinin, habelə aidiyyəti elmi-tədqiqat institutlarının, yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri, mütəxəssislər, eləcə də fermerlər və sahibkarlar olmaqla, 500 nəfərdən çox nümayəndə iştirak edib.
Çıxışlarda tədbirin əhəmiyyətindən danışılıb, şumlama və digər torpaq becərmə işlərinin və səpinin optimal müddətdə aparılmasının gələcək yüksək məhsulun təməlinin qoyulmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tarla müşavirəsində sonradan ənənəvi üsulla şumlama aparılması, eyni zamanda, resurslara qənaət edən müasir texnologiyalar əsasında torpağın minimal və sıfır becərilməsi üsulu ilə səpin aparılması, aqrotexniki tələblərə uyğun olaraq şum altına və səpinlə birlikdə gübrələrin tətbiqi əyani şəkildə nümayiş etdirilib.
Tədbirdə fermerlərlə fikir mübadiləsi aparılıb, onlara məxsus əkin sahələrinin lazımi səviyyədə becərilməsi üçün müvafiq tövsiyələr verilib, suallar cavablandırılıb.