ELM VƏ TƏHSİL
Torpağın münbitliyinin artırılması vacib şərtdir
Bakı, 5 iyun, AZƏRTAC
Bir qrup alim Azərbaycan Milli Elmlər Akademiyasının Qax rayonunda yerləşən Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzində işgüzar səfərdə olub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi “Müasir biotexnoloji üsullarla hazırlanmış üzvi, üzvi-mineral gübrələrin, mikroorqanizmlərin bitki məhsuldarlığına və torpaq münbitliyinə təsiri” layihəsi çərçivəsində tədqiqat sahələrinin seçilməsi ilə bağlıdır.
Alimlərdən ibarət nümayəndə qrupu Mərkəzin Qax rayonu ərazisində yerləşən təcrübə sahələrində “Zolaqlı səpin texnologiyası”, “Minimum becərmələr texnologiyası”, “Xəstəliklərə qarşı fitonsidli bitkilərdən hazırlanmış biopestisidlərin tədqiqi” kimi müasir problemləri əhatə edən elmi-tədqiqat işlərinin gedişi ilə tanış olaraq həmin sahələrdən analiz üçün torpaq nümunələri götürüb.