REGİONLAR
Torpaq sürüşməsi Quba-Zərqava yoluna ziyan vurub VİDEO
Quba, 4 noyabr, Elxan Yusifli, AZƏRTAC
Respublika ərazisinə yağıntıların normadan dəfələrlə artıq düşməsi nəticəsində Quba rayonu ərazisindəki sürüşmə sahələrində aktivlik müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, təbii proseslər doqquz kəndi rayon mərkəzi ilə birləşdirən Quba-Zərqava yoluna da ziyan vurub. Sürüşmə nəticəsində 4 mindən artıq sakinin istifadə etdiyi yolun üç hissəsində çökmə qeydə alınıb, bəzi yerlərdə isə çatlar əmələ gəlib. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaranıb. Sürüşmə dağlıq ərazidə yerləşən yolun uçurum kənarlarında da müşahidə olunduğundan ərazidə gecə saatlarında hərəkət daha da çətinləşib.
Quba Rayon İcra Hakimiyyəti başçısının Zərqava inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərman Tahirov bildirib ki, yolda sürüşmə baş verən ərazilərə mütəxəssislər tərəfindən baxış keçirilib. Təbii prosesin getdiyi bəzi hissələrdə çökmənin olacağı nəzərə alınaraq daş tökülməsinə icazə verilməyib. Həmin yerlərdə suötürücü boruların yerləşdirilməsi daha məqsədəuyğun sayılıb. Sürüşmə nəticəsində yola ziyan dəyən digər ərazilər isə yaxın 10 gün ərzində çınqıl və daş tökülərək möhkəmləndiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Quba rayonunun Güləzi sürüşmə sahəsində, Quba-Xınalıq yolunun 36-44 kilometrliyində, Quba-Qonaqkənd avtomobil yolunun bir neçə kilometrliyində ekzogen-geoloji proseslərin dinamikası üzərində monitorinq və müşahidələr davam etdirilir.