REGİONLAR
Torpaq sürüşməsi Şabranda 5 evi qəzalı vəziyyətə salıb VİDEO
Şabran, 28 fevral, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunun Qazbabalı kəndi ərazisində baş verən torpaq sürüşməsi nəticəsində 5 ev yararsız vəziyyətə düşüb.
AZƏRTAC xəbər verir ki, torpaq sürüşməsi fevralın 23-dən 24-nə keçən gecə qeydə alınıb. Təbii hadisə nəticəsində sakinlərdən xəsarət alan olmasa da, onların təsərrüfatlarındakı 20-dən çox xırdabuynuzlu heyvan tələf olub. Qəzalı vəziyyətə düşən 5 evdə, ümumilikdə, 30-a yaxın sakin yaşayırdı.
Hazırda həmin evlərdə yaşamaq mümkün olmadığında ailələr qohumlarının evlərində məskunlaşıb.
Torpaq sürüşməsi, ümumilikdə, 30 hektardan çox ərazini əharə edir. Təbiət hadisəsi evlər, yardımçı binalarla yanaşı, təsərrüfatçıların örüş sahələrinə və bağlarına da ciddi ziyan vurub. Elektrik naqillərinin sıradan çıxması nəticəsində kəndə enerjinin verilməsində məhdudiyyət yaranıb.
Şabran Rayon İcra Hakimiyyəti başçısının Əmirxanlı inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Fürsət Təhməzov AZƏRTAC-a bildirib ki, aidiyyəti qurumların əməkdaşları sürüşmə baş verən əraziyə baxış keçirib. Evlərə dəymiş ziyanla bağlı akt tərtib olunub.
Kənd sakinləri son aylarda yağıntının normadan artıq düşməsi nəticəsində sürüşmə sahələrinin fəallığının kəskin artığını bildirib.
Qazbabalı kəndi rayon mərkəzindən 12 kilometr məsafədə yerləşir. Kənddə 70-ə yaxın ev var.