MƏDƏNİYYƏT
Torpaq uğrunda ölən varsa, Vətəndir!
Bakı, 27 may, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 nömrəli filialının kollektivi Abşeron rayonu Mehdiabad qəsəbəsi 1 nömrəli məktəbin I-III sinif şagirdlərinin iştirakı ilə 28 May – Respublika Gününə həsr olunmuş “Torpaq uğrunda ölən varsa, Vətəndir!” adlı ədəbi-bədii tədbir keçirib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabxananın direktoru Şəhla Qəmbərova çıxış edərək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin dövlətçilik tarixindəki xidmətlərindən söz açıb. Qeyd olunub ki, hərbi vətənpərvərlik tərbiyəsində məktəblərlə yanaşı kitabxanalar da bir çox işlər görür. “Torpaq uğrunda ölən varsa, Vətəndir!” adlı ədəbi-bədii tədbir də müvafiq istiqamətdə həyata keçirilən növbəti tədbirlərdən biridir.
Sonra məktəblilər Əli Səmədlinin “Torpaqdan pay olmaz” nağılı, Əhməd Cəmilin “Can nənə, bir nağıl de” şeiri əsasında hazırladıqları səhnələri təqdim ediblər. Uşaqlar Vətənə, torpağa sədaqətli olmaq barədə and içiblər.
Tədbir çərçivəsində vətənpərvərlik mövzusunda slaydlar və “Gözlə bizi, Qarabağ” adlı kitab sərgisi təqdim edilib.
Sonda tədbir iştirakçılarına kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilib.