MƏDƏNİYYƏT
“Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı tədbir keçiriləcək
Bakı, 31 oktyabr, AZƏRTAC
Noyabrın 2-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihə çərçivəsində bu ilin aprel döyüşlərində həlak olan polkovnik Vüqar Yusifova həsr olunmuş sərgi-tədbir keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Azərbaycan İstiqlal Muzeyi milli qəhrəmanlarımızı bir daha anmaq məqsədilə “Torpaq uğrunda ölən varsa Vətəndir” adlı yeni layihəyə start verib. Bu layihə çərçivəsində muzey Bakı şəhərində yerləşən bir sıra məktəblərdə, hərbi hissələrdə milli qəhrəmanların, onların ailə üzvlərinin iştirakı ilə müxtəlif tədbirlər, sərgilər keçirib. Bu qəbildən olan növbəti tədbir cari ilin aprel döyüşlərində həlak olan Vüqar Yusifova həsr olunacaq.
Muzeydə təşkil olunmuş sərgidə Vüqar Yusifovun şəxsi əşyaları nümayiş olunacaq.
Tədbirdə Vüqar Yusifovun dostları və ailə üzvləri, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak edəcəklər.
Vüqar Yusifov 1976-cı il noyabrın 2-də Şəmkir rayonunun Şiştəpə kəndində dünyaya gəlib. Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbində təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra, Azərbaycana qayıdıb və Müdafiə Nazirliyinin “N” saylı Xüsusi Təyinatlı hərbi hissəsində rota komandiri kimi fəaliyyətə başlayıb. Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə qədər yüksələn Vüqar Yusifova 2016-cı il martın 19-da, 40 yaşında polkovnik rütbəsi verilib. Müdafiə naziri tərəfindən qüsursuz xidmətlərinə görə dəfələrlə medallarla təltif olunub. Aprelin 4-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.