REGİONLAR
Torpaqlardan təyinatı üzrə və səmərəli istifadə olunması diqqət mərkəzindədir
Culfa, 6 oktyabr, AZƏRTAC
Əhalinin artım tempi, əkinəyararlı torpaq sahələrinin məhdudluğu, ərzaq məhsulları ilə etibarlı təminatın möhkəmləndirilməsi zərurəti torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizminin mütəmadi olaraq təkmilləşdirilməsini tələb edir.
AZƏRTAC xəbər verir ki, bu fikir Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Culfa rayonunda keçirilən tədbirdə səsləndirilib.
Yerli icra nümayəndələrinin və bələdiyyələrin iştirak etdiyi tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev bölgədə torpaqlardan təyinatı üzrə və səmərəli istifadə olunması, qanunsuz tikinti aparılmasının qarşısının alınması məqsədilə görülən işlərdən danışıb, bu sahədə icra nümayəndələrinin və bələdiyyələrin qanunvericiliyin tələbləri haqda ətraflı məlumata malik olmalarının vacibliyini qeyd edib.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə çıxışında bildirib ki, iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, yeni emal müəssisələrinin yaradılması və digər tədbirlər aqrar bölmənin sosial və sahə strukturuna ciddi təsir göstərib, zaman keçdikcə məzmunca yeni münasibətlərin formalaşmasını günün tələbinə çevirib. Mülkiyyət hüquqlarının tənzimlənməsi sahəsində müvafiq dövlət siyasətinin daha da təkmilləşdirilməsi muxtar respublikada torpaq və əmlak münasibətlərinin inkişafını yeni mərhələyə yüksəldib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müvafiq qurumlara əkinəyararlı torpaqlardan səmərəli istifadə edilməsi, torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi barədə tapşırıqlar verildiyini diqqətə çatdıran Müslüm Cabbarzadə qeyd edib ki, bu gün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Verilmiş tapşırıqların icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mərkəzi aparatı və rayon (şəhər) idarələrinin mütəxəssislərindən ibarət komissiyalar yaradılıb, mütəmadi olaraq rayonlarda və Naxçıvan şəhərində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə vəziyyəti yoxlanılıb. Yoxlama zamanı torpaq sahələrinin və üzərindəki tikililərin naturadakı vəziyyəti bələdiyyələrin yerquruluşu planları ilə müqayisə edilib. Yerlərə baxış keçirilərkən muxtar respublikanın bütün şəhər və rayonlarında torpaq qanunvericiliyinin tələblərinin pozulması, vətəndaşların dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan qanunsuz istifadə halları, torpaq islahatı zamanı əkin sahəsi kimi xüsusi mülkiyyətə verilmiş pay torpaqlarında yaşayış evi və yardımçı tikililər inşa edilməsi faktları aşkara çıxarılıb.
Vurğulanıb ki, qeyd olunan əməllərin törədilməsi torpaqlardan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncamvermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə və qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə uyğun həyata keçirmək daim diqqətdə saxlanılmalıdır.
Sonra məruzə ətrafında komitənin əməkdaşlarından İntizar Həziyevin və Tural Cəfərovun çıxışları olub.
Sonda iştirakçılara maarifləndirici bukletlər paylanılıb.