CƏMİYYƏT
Torpaqların çirklənməsinə dair keçirilən monitorinqin nəticələri acıqlanıb
Bakı, 4 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2016-ci il ərzində torpaqların çirklənməsinin monitorinqi zamanı götürülmüş 308 torpaq nümunəsi üzərində 2849 kimyəvi analiz yerinə yetirilib. Bakı, Sumqayıt və Gəncə şəhərinin ərazi və ətraf torpaqlarının texnogen (ağır metallarla) çirklənməsinin tədqiqi məqsədi ilə zavodların ərazisindən nümunələr götürülərək analiz edilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhərinin ərazi və ətraf torpaqlarının texnogen (ağır metallarla) çirklənməsi üzrə ağır metallardan mis 2, kadmium 8, Sumqayıtda xromun miqdarı 1.5, kadmium isə 3 dəfə yol verilən qatılıq həddindən (YVQH) artıq olub. Gəncədə xrom 6.2, kadmium 3 dəfə YVQH-dən artıq müəyyən edilib.
Yağıntılardan sonra torpaqların fon tərkibi üzrə monitorinq işləri və fiziki-kimyəvi analizlərin nəticələrinə əsasən məntəqələr üzrə hidrogen göstəricisi (pH) YVQH-ni keçməyib. Sulfat ionları- məntəqələr üzrə yanvar ayında Quba RHM-Qırız məntəqəsində 15.6, iyul ayında Neftçala İMHM-Neftçala məntəqəsində 26, avqust ayında Sabirabad RHM- Sabirabad məntəqəsində 25 dəfə yol verilən qatılıq həddindən çox olub. Nitrat ionları-məntəqələr üzrə may ayında Lənkəran RHM- Lənkəran məntəqəsində 6.6, aprel ayında Quba RHM-Qırız məntəqəsində 6.6, avqust ayında Şəki RHM Zaqatala məntəqəsində 5.2 dəfə YVQH-dən çox olub.
Respublika ərazisində ötən il ərzində sürüşmə, subasma, sel, bataqlaşma, yarğan eroziyası, abraziya və uçqun, palçıq vulkanları və s. proseslər üzrə müşahidələr və monitorinqlər aparılıb. Monitorinqlər əsasən təhlükəli sürüşmə zonalarında, başlıca olaraq Abşeron yarımadasında və bəzi aktiv sürüşmə sahələrində (Ağsu rayonu Qırlar, Siyəzən rayonu Sədan) keçirilib. İl ərzində departamentə daxil olan sürüşmə obyektlərinin geodinamiki vəziyyəti haqqında aylıq bülletenlər əsasında respublika ərazisində və Abşeron yarımadasında ekzogen-geoloji proseslərin ayrı-ayrı sahələr üzrə dinamikası təhlil edilib.