REGİONLAR


Torpaqların elektron kadastr uçotu ilə bağlı işgüzar forumların respublika üzrə ikinci mərhələsinə start verilib

A+ A

Bakı, 5 noyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı respublika üzrə işgüzar forumların ikinci mərhələsinə start verib. Artıq Xızı, Şabran, İmişli, Neftçala və Kürdəmirdə keçirilən belə forum növbəti dəfə noyabrın 5-də Şəmkir rayonunda baş tutub.

Komitədən AZƏRTAC-a bildirilib ki, işgüzar forumların məqsədi respublika üzrə bu sistemin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi istiqamətində həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Forumda ƏMDK-nın Aparatı və tabeli qurumları, Şəmkir Rayon İcra Hakimiyyəti, yerli icra nümayəndələri, bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak edib. Bildirilib ki, müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə hazırda dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır. Diqqətə çatdırılıb ki, görülən işlər Azərbaycan Respublikası Prezidentinin torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarına və 2016-cı il 7 mart tarixli Fərmanına əsasən həyata keçirilir. Fərmanda Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və ölkə üzrə rəqəmsal kadastr xəritələrinin tərtibi Qaydaları da əksini tapıb. Fərmana əsasən, torpaqların elektron uçotu ilə əlaqədar ictimaiyyətin maarifləndirilməsi, görülən işlər barədə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi barədə tapşırıqlar verilib. Bu məqsədlə, belə forumlar əlaqəli qurumların iştirakı ilə bütün respublika üzrə keçirilir.

Tədbirdə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı təqdimat keçirilib. Qeyd olunub ki, ölkənin 3.19 milyon hektar ərazisi üçün daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması işi davam etdirilir. Torpaq uçotu, rəqəmsal kadastr xəritələrinin tərtibi və 1.30 milyon hektar sahədə pay torpaqlarının faktiki və sənəd göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması uğurla həyata keçirilir. Uçot işləri torpaqların həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə aparılır. 2016-cı ildə icrasına başlanılmış bu proses 2019-cu ilin sonuna yekunlaşacaq.

Cari ilin sonuna 12 rayonda, 2019-cu ilin sonunadək isə respublikanın bütün kənd və rayonlarında torpaqların elektron kadastr uçotu işləri yekunlaşdırılacaq.

Forumda Uçot Sisteminin gələcək nəticələri və ölkə iqtisadiyyatına səmərəsi barədə məlumat verilib. Bildirilib ki, dəqiq torpaq uçotu məlumatları torpaqların elmi əsaslarla idarə edilməsi, torpaq idarəçiliyinin təkmilləşməsini təmin edəcək. Sistem özündə torpaqların dəqiq sərhədləri, həndəsi ölçüləri, konfiqurasiyası, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatlar əks etdirir. Həmçinin sistem torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri müəyyən etməyə, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadə və onların mühafizəsinə nəzarət etməyə imkan verir. Torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində səmərəli tədbirlərin görülməsinə, torpaq ehtiyatlarının kəmiyyət göstəricilərini müəyyənləşdirməyə, torpaq balansını tərtib etməyə zəmin yaradır.

Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması nəticəsində kadastr işləri də elektron xidmətlər sırasına daxil ediləcək. “Plan-ölçü” sənədinin verilməsi işi elektron xidmət vasitəsilə mümkün olacaq. Bu layihə çərçivəsində reallığı tam əks etdirən kadastr xəritələri tərtib olunacaq. Vətəndaşlara torpaq üzərində mülkiyyət hüququna əsas verən sənədlərdəki kadastr göstəriciləri torpaqların faktiki istifadə vəziyyətini əks etdirəcək. Bununla da hüquqların qeydiyyatı prosesindəki bir çox çatışmazlıqlar öz həllini tapacaq.

Torpaqla bağlı stimullaşdırma tədbirləri, subsidiyaların, güzəştli kreditlərin verilməsi sistem məlumatları əsasında aparılacaq. Sahibkarlara, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə dövlət dəstəyinin daha operativ həyata keçirilməsi üçün imkanlar yaranacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.