REGİONLAR
Torpaqların eroziya və şoranlaşmaya məruz qalmaması üçün suvarma sistemi düzgün qurulmalıdır
Qəbələ, 17 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə zona elmi-praktik seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, Qəbələ rayonunun Hacallı kəndində keçirilən tədbirə Qəbələ, İsmayıllı və Şamaxı rayonlarında əkinçilik və meyvəçiliklə məşğul olan fermerlər, aqronomlar, fərdi torpaq mülkiyyətçiləri qatılıblar.
Seminarda institutun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev və ali təhsil ocağının laboratoriya müdiri, coğrafiya elmləri üzrə fəlsəfə doktoru Fərrux Xəlilov çıxış ediblər.
Bildirilib ki, seminarın keçirilməsində əsas məqsəd son 5 ildə eroziya və şoranlaşmanın qarşısının alınması, müasir suvarma sahəsində əldə olunan elmi nailiyyətləri göstərmək, bu sahə ilə məşğul olan mütəxəssislərə yeni texnologiyaları təbliğ etmək və ictimaiyyət arasında maarifləndirmə işlərini aparmaqdır.
Qeyd olunub ki, ölkə ərazisinin 60 faizini dağlıq və dağətəyi zonalar təşkil edir. Məlumdur ki, əkinçilik üçün yararlı torpaq sahələri dağlıq və dağətəyi zonalara xas olan quraq ərazilərdə geniş yayılıb. Mütəxəssislər ölkəmizin dağlıq və düzən ərazilərində suvarma suyu qıtlığının mövcud olduğunu və nəticədə torpaqların tədricən eroziya və şoranlaşmaya məruz qaldığını bildiriblər.
Zakir Əliyev əkin sahələrindən səmərəli istifadə etmək üçün alternativ suvarma sistemlərinin geniş tətbiq edilməsinin vacibliyini vurğulayaraq deyib: “Torpaqların münbitliyinin qorunub saxlanılması və əkinçiliyi inkişaf etdirərək məhsuldarlığı artırmaq üçün ən başlıca məsələ suvarma sisteminin düzgün qurulmasıdır. Nəticədə torpaqlar eroziya və şoranlaşmaya məruz qalmaz, məhsuldarlıq da yaxşı olar”.
Seminarda eroziya, şoranlaşma ilə mübarizə və suvarma sahəsində görülən işlər, əldə olunan nəticələr barədə məlumatlar, eləcə də torpaqlarda aparılan tədqiqat prosesini əks etdirən video görüntülər və fotoşəkillər nümayiş olunub, problemlə üzləşən torpaq mülkiyyətçilərinin sualları cavablandırılıb.