ELM VƏ TƏHSİL
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Gəncədə beynəlxalq konfransda iştirak ediblər
Bakı, 29 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (AMEA) bir qrup əməkdaşı Gəncədə “Müasir aqrar elm: qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri” mövzusunda keçirilən Beynəlxalq elmi-praktik konfransda iştirak edib.
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət Aqrar Universitetinin 85 illiyinə həsr edilmiş konfransda institutun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Əmrah Məmmədov plenar sessiyada məruzə ilə çıxış edib.
Konfransda, həmçinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nümayəndələri məruzə və əlaqəli mövzular ətrafında İsveç Həyat Elmləri və Türkiyə Firat universitetlərinin əməkdaşları ilə fikir mübadiləsi aparıblar. Gələcəkdə bu elm müəssisələri ilə mümkün birgə layihələrin həyata keçirilməsi barədə müzakirələrin aparılması planlaşdırılıb.