ELM VƏ TƏHSİL


Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Neftçala rayonunda uğurlu təqdiqat işləri aparırlar

Bakı, 10 iyul, AZƏRTAC 

Kür-Araz ovalığında digər kənd təsərrüfatı bitkiləri ilə yanaşı, pambıqçılığın da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi” haqqında müvafiq Sərəncamın verilməsi bu sahədə işlərin sürətlə aparılmasına təkan verib və aqrar sahədə çalışan mütəxəssislərin məsuliyyətini daha da artırıb.

 AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu Kür-Araz ovalığına daxil olan Neftçala rayonunda torpaqların ekomeliorativ vəziyyəti, onların ekoloji qiymətləndirilməsi baxımından ekspedisiya təşkil edib.

Bu barədə AZƏRTAC-a institutun torpaqların meliorasiyası laboratoriyasının rəhbəri, dosent Mustafa Mustafayev məlumat verib.

Ekspedisiyanın rəhbəri M.Mustafayev bildirib ki, məqsəd torpaqların müasir vəziyyətinin qiymətləndirməsi üçün marşurtlar üzrə kompleks torpaq tədqiqatları aparmaq, sonda əldə olunan nəticələr əsasında həmin torpaqların yaxşılaşdırılması istiqamətində təklif və tövsiyələri hazırlamaq və onların təsərrüfatlara tətbiqidir. Ekspedisiyaya torpaqların aqroekologiyası və bonitirovkası, torpaqların meliorasiyası laboratoriyalarının elmi işçisiləri cəlb olunublar. Neftçala rayonunda müxtəlif bitkilər altında fərqli dərinliklərdə torpaq kəsimləri qoyulub, onların yerlərinin koordinatları GPS aləti ilə müəyyənləşdirilib, genetik qatlar üzrə dəyişmələri, ərazi haqqında qısa məlumatlar xüsusi blanklarda qeyd edilib, həmin qatlardan onların tərkibini öyrənmək məqsədilə torpaq nümunələri götürülüb. Qrunt suları demək olar ki, bütün kəsimlərdə müşahidə edildiyindən onlardan da analizlər üçün su nümunələri götürülüb. Tədiqat zamanı fermer və pay torpaq sahibləri ilə müasir vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, onların sualları ekspedisiya üzvləri tərəfindən cavablandırılıb. Həmçinin ərazinin müasir vəziyyətinin qiymətləndirilməsində əsas amillərdən olan kollektor-drenaj və suvarma sistemlərindən də su nümunələri götürülür, pambıq, taxıl, yonca, qarğıdalı, tərəvəz və xam torpaqlarda kəsimlər qoyulur.

Bu il Neftçala rayonunda pambıq bitkisinin əkin sahələrinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmçinin ərazidə uzun müddət əkilməyən sahələrdə qarğıdalı əkilməsi, həmin ərazidə drenaj sisteminin çəkilməsi də əhəmiyyət daşıyır. Çünki həmin ərazidə bitkilərin çıxışı, onların məhsulu göstərir ki, yüksək məhsuldarlıq əldə ediləcək.

M.Mustafayev bildirib: “Ekspedisiya işinin aparılmasında Neftçala rayonunun rəhbərliyinin və digər qurumların xüsusi dəstəyi olduğundan, tətqiqatlar nəzərdə tutulduğu kimi yerinə yetirilir. Dövlətimizin başçısının dəstəyi və rayon rəhbərliyinin göstərişləri nəticəsində bu işlər müsbət nəticələr verəcək, həmin ərazilərdə torpaqların münbitlik göstəriciləri yaxşılaşacaq, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı yüksələcək. Bu isə rayon sakinlərinin yaşayış şəratinin yaxşılaşdırılmasına səbəb olacaq”.

Hazırda Neftçala rayonunda ekspedisiya işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.