ELM VƏ TƏHSİL
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Ucar rayonunda çöl təcrübələri aparırlar
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları - aqrar elmlər üzrə fəlsəfə doktoru Svetlana Eyyubova, Firoza Ramazanova və başqaları institutun Ucar Dayaq Məntəqəsində ezamiyyətdədirlər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ezamiyyətin əsas məqsədi mövzu planına uyğun olaraq çöl tədqiqat işlərini yerinə yetirməkdir. Ezamiyyət müddətində müxtəlif kənd təsərrüfatı bitkilərinin səpini, becərilməsi, torpağa tələb olunan gübrə normalarının verilməsi, bitkilərin məhsuldarlığının artırılması və plan üzrə digər işlərin yerinə yetirilməsi nəzərdə tutulub. İlk dəfə müxtəlif üzvi və üzvi-mineral gübrələr verməklə müxtəlif variantlar altında məhsuldarlığın dəyişməsi öyrənilməkdədir. Məqsəd ekoloji təmiz kənd təsərrüfatı məhsulları əldə etmək və onların respublikada geniş yayılmasına nail olmaqdır. Hazırda stasionar müşahidələri aparılmaqla çöl təcrübələri davam etdirilir.