İDMAN
“Tour d`Azerbaidjan-2015” veloturunun dördüncü mərhələsi keçirilib VİDEO
Mingəçevir, 9 may, AZƏRTAC
Mayın 9-da ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Tour d`Azerbaidjan-2015” veloturunun dördüncü mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Qəbələ-Mingəçevir marşrutu üzrə start götürmüş velosipedçilər 205 kilometr məsafə qət ediblər. “Sayklinq Akademii” komandasının üzvü Daniel Turek finişə birinci, “Xrinkov Akvariks Sayklinq Tim” komandasından Klemen Fankhauzer ikinci, “Çeyn Riakşn” komandasının nümayəndəsi Konnor Dann isə üçüncü çatıblar.
“Tour d`Azerbaidjan-2015” beynəlxalq veloturunun dördüncü mərhələsinin yekunları üzrə Mingəçevirdə qalibi və mükafatçıları təltifetmə mərasimi olub. Mükafatları idmançılara yarışın təşkilat komitəsinin rəhbəri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov təqdim edib.
Azərbaycanı bu nüfuzlu turnirdə təmsil edən «Synergy Baku Cycling Project» qitə komandasının rəqibləri arasında 4 professional qitə, 15 qitə komandası və 4 milli komanda var. Bura Avstraliyanın “Drapac Professional Cycling”, İtaliyanın “Androni Giocattoli”, Rusiyanın “RUSVELO”, “Team Novonordisk” (bunların hamısı professional qitə komandalarıdır) və ABŞ-ın “Airgas Safeway Cycling Team”, Sloveniyanın “Adria-Mobil”, İrlandiyanın “An Post-Chain Reaction”, Lüksemburqun “LEOPARD Development Team”, Çin Xalq Respubllikasının “Giant-Champion System”, Rumıniyanın “Tusnad”, Almaniyanın “MLP Team Bergstrasse”, Sloveniyanın “Banska Bystrica”, Türkiyənin “Torku və başqaları daxildir.
Bu nüfuzlu yarışlarda komandamızı Elçin Əsədov, Maksim Averin, Samir Cəbrayılov, Matey Mügərli, Yannis Tamuridis və Aleksandr Surutkoviç təmsil edirlər.
Beynəlxalq veloturun yekun mərhələsi (144 kilometr) mayın 10-da paytaxtın küçələrində keçiriləcək.