İDMAN
“Tour d`Azerbaidjan-2015” veloturunun üçüncü mərhələsinin liderləri jurnalistlərin suallarına cavab veriblər VİDEO
İsmayıllı, 8 may, AZƏRTAC
Mayın 8-də Qəbələdə “Tour d`Azerbaidjan-2015” beynəlxalq veloturunun üçüncü mərhələsinin yekunlarına dair mətbuat konfransında mərhələnin qalibi, “En Post-Çeynr Əkşn” komandasının üzvü Coşua Edmondson deyib: “Mən bir balaca nasazlamışam. Ona görə də dünən yanımda həkimlər olublar. Bu gün bəxtim gətirdi. Rəqiblərim düşünüblər ki, finişə 1 kilometr qalmış heç kim irəli çıxa bilməyəcək. Lakin mən buna nail oldum”.
Veloturun dağlıq mərhələsinin qalibi və lideri Aleksandr Surutkoviçin (“Synergy-Bakı”) sözlərinə görə, ikinci mərhələdə əldən verdiyi mühüm xalları bugünkü yürüşdə toplaya bilib.
Ümumi hesabda yarışların lideri olan Primoj Roqlits (“Adria Mobayl”) deyib: “Dünən komanda lider maykası qazanıb. Bu, bizim üçün böyük şərəfdir”.
Qeyd edək ki, velosipedçilər üçüncü mərhələdə Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə 177 kilometr məsafə qət ediblər.
Velosipedçilər daha iki mərhələ qət etməlidirlər: mayın 9-da Qəbələ-Mingəçevir mərhələsi (205 km) və mayın 10-da yekun mərhələ (144 km). Yekun mərhələ Bakı küçələrində keçiriləcək.