İDMAN
“Tour d'Azerbaidjan-2016” beynəlxalq turunda 18 ölkədən 21 komanda yarışacaq
Bakı, 3 may, Ziyadxan Həsənov, AZƏRTAC
Mayın 4-də start götürəcək “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi beş mərhələdə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərovun və yarışın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hoferin mayın 3-də Respublika Velotrekində keçirdikləri mətbuat konfransında məlumat verilib.
Mətbuat konfransından əvvəl xarici qonaqlar və jurnalistlər yenidən qurulmuş və genişləndirilmiş Respublika Velotreki ilə tanış olublar. Məlumat verilib ki, Azərbaycanda ilk velosiped treki 1980-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə istifadəyə verilib. O dövrdə ən müasir idman qurğularından biri hesab olunan Respublika Velotrekinin beton örtüyünün perimetri 333,33 metrdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində baxımsızlıq üzündən Velotrekin beton örtüyü dağılmış, ərazisinin böyük hissəsi isə zəbt olunmuşdu.
Azərbaycan Velosiped İdmanı Federasiyası yenidən təşkil olunduqdan sonra, 2012-ci ildə Velotrekin ərazisində geniş yenidənqurma və abadlıq işlərinə başlanıldı. Trekin beton örtüyü əsaslı şəkildə yenidən quruldu, ərazidə ən müasir tələblərə cavab verən yeni inzibati bina, mini-futbol meydançası, BMX velosipedçilərinin məşq etmələri üçün “Pamp-park”, hər birinin tutumu 150 kubmetr olan iki su anbarı, qazanxana və s. inşa olunub.
Ümumi sahəsi 4620 kvadratmetr olan inzibati binada federasiyanın ofisi, iki konfrans zalı, komandalar üçün iş və tədris otaqları, trenajor zalları, həkim məntəqəsi, məşqçilər və idmançılar üçün mənzillər və s. yerləşir.
Mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin ailəsi ilə birlikdə 2015-ci ildə birinci Avropa Oyunları ərəfəsində Veloparkda inşa olunmuş yeni BMX stadionu ilə tanış olarkən “Synergy Baku” komandasının üzvləri ilə görüşünü əks etdirən videoçarxın nümayişi ilə başlanıb. Diqqətə çatdırılıb ki, həmin görüşdə dövlətimizin başçısı “Tour d’Azerbaidjan” beynəlxalq yarışlarını “Eurosport” kanalı vasitəsilə izlədiyini, bu turun Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvimində özünə möhkəm yer tutduğunu, Bakının və bütövlükdə ölkəmizin dünyaya tanıtdırılmasında müstəsna rol oynadığını məmnunluqla vurğulayıb.
Veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov “Tour d’Azerbaidjan-2016” barədə ətraflı məlumat verərək bildirib ki, mötəbər idman tədbiri olan bu veloyürüş ölkəmizin beynəlxalq arenada təbliği baxımından mühüm rol oynayır. Velosiped idmanı başqa idman növlərindən onunla fərqlənir ki, digər yarışlar əsasən qapalı məkanda keçirildikləri halda, bu yarışlar yüz kilometrlərlə məsafəni əhatə edir və düzənlik, dağlıq ərazilərdən, müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur. Təbii ki, bu da ölkənin beynəlxalq səviyyədə tanınması, onun görməli yerlərinin, turistləri maraqlandıran məkanların bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir.
Qeyd olunub ki, “Eurosport” kanalının rəsmi məlumatına görə, keçən il “Tour d’Azerbaidjan” beynəlxalq veloturu barədə videosüjetlər dünyanın 56 ölkəsinin 72 telekanalı vasitəsilə yayımlanıb. Ümumilikdə 32,7 milyondan çox televizor bu kanallara köklənib. Hər televizor qarşısında da bir neçə nəfərin yarışları izlədiyini, habelə “Eurosport” kanalının rəsmi internet səhifəsinə “Tour d'Azerbaidjan”la bağlı 15 milyondan çox daxilolma qeydə alındığını nəzərə alsaq, yüz milyondan çox insanın həm velotur, həm də Azərbaycan barədə geniş məlumat əldə etdiyini əminliklə söyləmək olar.
Bildirilib ki, builki yarışda 18 ölkədən 21 komanda mübarizə aparacaq. Onlardan 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, biri isə milli komandadır. Velotur 5 mərhələdən ibarətdir və velosipedçilər beş gün ərzində Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazilərindən keçməklə, 790 kilometrdən çox məsafə qət edəcəklər.
Azərbaycana hər səfərində bir çox müsbət dəyişikliklərin şahidi olduğunu deyən Roland Hofer ölkəmizdə velosiped idmanının gündən-günə inkişaf etməsindən, yeni idman qurğularının tikilməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycanda velosiped idmanının inkişafı üçün artıq gözəl baza yaradılıb, Velopark, BMX stadionu, Dağ Velosipedi parkı, Velotrek istifadəyə verilib. Azərbaycanın “Synergy Baku” kontinental komandası bu günlərdə Xorvatiyada 5 dünya turu, 7 peşəkar kontinental və 9 kontinental kollektivin iştirakı ilə keçirilən nüfuzlu yarışda ümumkomanda hesabında çempion olub. Bundan başqa, komandamızın üzvü Matiya Kvasina lider köynəyini qazanıb. Azərbaycanın milli yığma komandasının üzvü Yelena Pavluxina da bir neçə gün əvvəl Çexiyada keçirilən beşgünlük beynəlxalq turnirin qalibi olub. O, yenicə inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycan velosipedçilərinin “Rio-2016” Yay Olimpiya Oyunlarına üç lisenziya qazanmalarını da böyük uğur kimi dəyərləndirib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 93-cü ildönümünə həsr olunan və beş mərhələdən ibarət “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turunun əvvəlki illərdə olduğu kimi, bu dəfə də uğurla keçəcəyinə əmin olduğunu deyən Roland Hofer qonaqların Azərbaycandan ən xoş hislərlə ayrılacaqlarına şübhə etmədiyini bildirib.