ELM VƏ TƏHSİL
Tovuz: İmtahanlarda heç bir qayda pozuntusu qeydə alınmayıb
Tovuz, 2 iyul, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 2-də Tovuz şəhərində qəbul və buraxılış imtahanları keçirib. Qəbul imtahanlarında ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) sənəd verən abituriyentlər, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları iştirak ediblər.
Buraxılış imtahanlarında isə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmayan, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilən, əvvəlki illərdə keçirilən buraxılış imtahanlarında məqbul qiymət ala bilməyən, həmçinin üzrlü səbəbdən 2015-ci ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan şagirdlər iştirak ediblər.
TQDK-nın Gəncə regional bölməsinin müdiri Nəsimi Məmmədovun AZƏRTAC-a verdiyi məlumata görə, Tovuz şəhərinin A.S.Puşkin və Nəsrəddin Tusi adına tam orta məktəblərində Qazax, Ağstafa və Tovuz rayonlarından 1244 nəfər imtahan verib. İmtahanlara 9 imtahan rəhbəri və 115 nəzarətçi cəlb olunub. Təlimata uyğun aparılan imtahanlarda heç bir qayda pozuntusu qeydə alınmayıb.