REGİONLAR
Tovuz rayonunun orta məktəblərində son zəng çalınıb
Tovuz, 30 may, AZƏRTAC
Tovuz rayonunun orta məktəblərində son zəng çalınıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Y.Sadiqov adına Bozalqanlı kənd tam orta məktəbində keçirilən tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi Nəriman Eyvazov müəllim, valideyn və şagirdləri dərs ilinin sona çatması münasibətilə təbrik edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb.
Məktəbin direktoru Nüsrət Quliyev isə çıxışında təhsildə qazanılan uğurlardan danışıb. Bildirib ki, ötən tədris ilində məktəbi bitirən 60 məzundan 49 nəfəri ali məktəblərə sənəd verib və onlardan da 30 nəfəri tələbə adını qazanıb. Məzunların 3 nəfəri ali hərbi məktəblərə qəbul olunub. 2014-2015-ci tədris ilində məktəbi 68 nəfər şagird bitirib. Onlardan 55-i ali məktəblərə sənəd verib. Bu şagirdlərdən 5 nəfər ali hərbi məktəbə qəbul olunmaq arzusundadır.
Digər çıxış edənlər təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.