REGİONLAR
Tovuz sakini üzüm sahələrini calaq üsulu ilə artırır
Tovuz, 30 sentyabr, AZƏRTAC
Tovuz rayonunda üzümçülük inkişaf etdirilir. Bu sahənin gəlirli olması, eləcə də dövlət qayğısı sahibkarları yeni üzümlüklər salmağa həvəsləndirir. Belə sahibkarlardan biri də Aşağı Quşçu kənd sakini Cavad İmamverdiyevdir. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, üzümçülük çətin olsa da, gəlirli sahədir. Bu işlə məşğul olmaq istəyən sahəni dərindən bilməlidir.
Cavad İmamverdiyev üzümçülüyə dair o qədər ədəbiyyat oxuyub, öyrəndiklərini təcrübədən keçirib ki, onun torpaqşünas aqronom, yoxsa üzümçü olduğunu seçmək mümkün deyil. Düşünürsən ki, Cavad kimi təsərrüfatçılara bir hektar yox, hektarlarla sahəni tapşırıb onun təşkilatçılığı ilə ərzaq bolluğu yaratmaq olar. Cərgələr arasında addım-addım gəzib rəngi, görkəmi ilə bir-birindən fərqlənən salxımlar barədə Cavad İmamverdiyev özü həvəslə məlumat verir: “Baxın, bu sortları ayrı-ayrı yerlərdən gətirib calaq etmişəm. Hər birinin də öz dadı-tamı, öz alıcısı var. “Alfonsa”, “Şalfey”, “Təbriz”, “Ağadayı”, “Melored”, “Moldavan” - bu sortları ting qaydasında gətirməmişəm. Vaxtaşırı sortlaşma aparıram. Özü də calaq üsulu ilə. Hazır gövdəni sort xoşuma gəlmədikdə calaq edirəm. Calağaltı güclü olduğuna görə, elə növbəti il də məhsul verir”.
Həmsöhbətim sonda aqrar sahəyə göstərilən dövlət qayğısını yüksək qiymətləndirir və bildirir ki, üzümçülük hər zaman Azərbaycanın kənd təsərrüfatında önəmli yerlərdən birini tutub. Bu sahəyə daim dövlət dəstəyi olmalıdır.