REGİONLAR
Tovuz: səsvermə hüququ olan vətəndaşlar sentyabrın 26-dək şəxsiyyət vəsiqəsi ilə təmin olunacaq
Tovuz, 9 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçiriləcək referendum ərəfəsində Tovuz Rayon Polis Şöbəsi qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər. Belə ki, qarşıdan gələn referendumda hər bir vətəndaşın iştirakını təmin etmək üçün səsvermə hüququ olan sakinlərə vəsiqələr vaxtında verilməli, vaxtı keçmiş, itirilmiş vəsiqələr isə yeniləri ilə əvəz olunmalıdır.
Rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis polkovnik-leytenantı Kamil Quliyev AZƏRTAC-a bildirib ki, bu məqsədlə həftənin şənbə və bazar günləri əvvəlcədən hazırlanmış qrafik əsasında kəndlərdə səyyar iş aparılır, əhalinin vaxt itkisinə yol verməsinin qarşısı alınır. İndiyəcən 33 kənddə bu cür tədbirlər həyata keçirilib.
İlin əvvəlindən indiyədək 45600 nəfər vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Referendum ərəfəsində vətəndaşların da fəallığı artıb, bölməyə edilən müraciətlərin sayı çoxalıb. Müraciət edən hər bir şəxs sentyabrın 26-dək şəxsiyyət vəsiqəsi ilə təmin olunacaq.