REGİONLAR
Tovuz və Lerikdə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər təşkil olunub
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Tovuzun Əyyublu kəndində, həmçinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lerik rayonunun Piran kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı”, “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzularında təşkil edilmiş treninqlərdə ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, biznes ideyanın yaradılması, biznes planların tərtib edilməsi, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilib.
Bundan başqa, treninqlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.
Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.