REGİONLAR
Tovuza gətirilən qu quşları süni gölə xüsusi yaraşıq verir
Tovuz, 29 aprel, AZƏRTAC
Uzun boğaz, iri görünüşlü su quşları. İnsanların marağına səbəb olan qu quşları Tovuzda bəslənir. Rayona ilk dəfə gətirilən qazlar artıq yerli mühitə də uyğunlaşıb. Ağ və qara rəngli quşlar Tovuz çayının sol sahilində yaradılan süni göldə yaşayır. Xarici ölkələrdən regiona gətirilən canlılar göldə üzərkən insanlara xüsusi zövq bəxş edir. Gərgin iş günündən sonra Tovuz əhli süni gölün seyrinə çıxır. Quşlar gün ərzində buğda, qarğıdalı və müxtəlif otlarla qidalanır. Bölgəyə gətirilən canlılar ağırçəkili olmalarına baxmayaraq, rahat uça bilirlər. Bunu nəzərə alan nəzarətçilər isə quşların qanadlarını kəsməli olublar.
Nəzarətçi Turan Hüseynov AZƏRTAC-a bildirib ki, istirahətə gələn böyüklü-kiçikli hər kəs maraqlı təbiət canlılarını seyr edir. Kimisi şəkilini çəkir, kimisi də yem verir. Çəkisinə görə yerli qazlardan daha ağır olan təbiət inciləri suda müxtəlif hərəkətlər edərək bulvara gələnləri təəccübləndirir. Yem axtarmaq üçün suyun dibinə baş vuran qazlar orada nəfəs almadan uzun müddət qala bilirlər.
Yerli mühitə uyğunlaşan bahalı quşlar tez-tez baytar nəzarətindən keçirilir. Tovuza ilk dəfə olaraq gətirilən qazların artırılması da nəzərdə tutulur. Bunun üçün süni göldə xüsusi yerlər hazırlanacaq.