REGİONLAR
Tovuzda “Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” layihəsi təqdim olunub
Bakı, 12 fevral, AZƏRTAC
Xəbər verdiyimiz kimi, kənd təsərrüfatı naziri Heydər Əsədov Tovuz şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüş çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin göstərdiyi xidmətlərin rayon ictimaiyyətinə təqdim edilməsi məqsədilə panel iclas təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən göstərilən xidmətlər, güzəştli kreditlər və icra edilən layihələr barədə ətraflı məlumat verilib. Həmçinin Dövlət Xidməti tərəfindən icra edilən Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Tovuz rayonunda həyata keçirdiyi infrastruktur, bərpa və gəlir gətirən layihələr haqqında təqdimatlar və videoçarxlar nümayiş olunub. Eyni zamanda, Dövlət Xidməti tərəfindən hazırlanan pilot “Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” layihəsi təqdim edilib, layihənin Tovuz rayonunda həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Panel iclasda Tovuz rayonundan olan icmalar tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilmiş layihələr haqqında təqdimatlar da edilib.
Tədbirdə nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri olan “Elektron kənd təsərrüfatı” informasiya sisteminin və zəruri informasiya və kommunikasiya texnologiyaları infrastrukturunun yaradılması layihəsi barədə məlumat verilib, sistemin Xaçmaz rayonunda pilot tətbiqinə başlandığı və hazırda kənd təsərrüfatı təyinatlı torpaqların rəqəmsallaşdırılmış coğrafi məlumatlar bazasının yaradıldığı vurğulanıb.
Layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında videoçarx nümayiş olunub.
Sonra iştirakçıların sualları cavablandırılıb.