REGİONLAR
Tovuzda “Müstəqilliyimiz əbədidir” mövzusunda “dəyirmi masa” keçirilib
Tovuz, 13 oktyabr, Famil Quliyev, AZƏRTAC
Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində “Müstəqilliyimiz əbədidir” mövzusunda “dəyirmi masa” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov məruzə ilə çıxış edib.
Qeyd olunub ki, bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi tamam olur. XX əsrin sonlarında qlobal miqyasda cərəyan edən proseslər Azərbaycan üçün də yeni üfüqlər açdı, xalqımız ən yeni tarixində bir daha müstəqil və azad yaşamaq hüququ qazandı. 1991-ci il avqustun 30-da Müstəqillik Bəyannaməsini, həmin il oktyabrın 18-də isə Konstitusiya Aktını qəbul edən parlament, hələ sovetlər birliyinin beynəlxalq hüququn subyekti kimi tanındığı bir vaxtda Azərbaycan Respublikasının rəsmi olaraq suveren və müstəqil dövlət olduğunu və Azərbaycan xalqının öz taleyini artıq özünün müəyyənləşdirdiyini bəyan etdi. Çox keçmədi ki, 1991-ci il dekabrın 8-də sovetlər birliyi öz geosiyasi mövcudluğuna son qoydu.
Bildirilib ki, müstəqilliyin ilk illərində respublikamız çox ağır siyasi-iqtisadi və sosial problemlər girdabına düşdü. Torpaqlarımız itirildi, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdi, etnik separatçılıq Azərbaycanı dağılmaq, parçalanmaq həddinə gətirdi. Belə bir vəziyyətdə yenicə bərpa olunmuş müstəqillik də sual altına alındı. Ölkənin, millətin taleyi üçün həlledici bir vaxtda yeni bir lider lazım idi. O lider ki, onu bu ağır vəziyyətdən çıxarıb beynəlxalq birliyə inteqrasiyasını və beynəlxalq arenada öz layiqli yerini tapmasını təmin edəcəkdi. Bu, əlbəttə, dərin zəkaya, böyük təcrübə və düşüncəyə malik olan, dünya siyasətində öz dəst-xətti ilə seçilən ümummilli lider Heydər Əliyev ola bilərdi. Məhz xalqın təkidi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Heydər Əliyev Milli Məclis qarşısında etdiyi dərin məzmunlu çıxışında yeni siyasi strategiyanın mahiyyətini açıqladı və müstəqil Azərbaycan Respublikasının xarici siyasət prioritetlərini elan etdi.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider hakimiyyətə qayıdışı ilə Azərbaycanı geosiyasi oyunlar məngənəsindən çıxarıb, onu öz milli maraqlarını hər zaman qorumaq iqtidarında olan həqiqi müstəqil dövlətə çevirdi. Bildirilib ki, bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu sadəcə davam etdirməklə kifayətlənmir, onu yeni şəraitin tələblərinə uyğun, yaradıcılıqla inkişaf etdirir.
Sonra gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov, YAP Tovuz rayon təşkilatının Gənclər Birliyinin sədri Nihad Pənahov və başqaları respublikamızın 25 ildə qazandığı uğurlardan söhbət açıblar.