REGİONLAR
Tovuzda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” mövzusunda tədbir keçirilib
AZƏRTAC xəbər verir ki, tədbirdə İqtisadiyyat və Sənaye, Ədliyyə nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 100-dən çox sahibkar iştirak edib.
Tədbirdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov bildirib ki, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri, o cümlədən hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Yoxlamaların təşkili və aparılması, eləcə də bu sahədə dövlət orqanlarının fəaliyyətinin səmərəli təşkili məqsədilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli Qanunu qəbul edilib. Dövlətimizin başçısının 2013-cü il 28 avqust tarixli Fərmanı ilə bu Qanunun səmərəli və işlək tətbiqi mexanizmi formalaşdırılıb. Sözügedən Qanun və onun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi, bu sahədə yoxlayıcı orqanın və sahibkarların öz hüquq və vəzifələrini bilməsi baxımından əhəmiyyətlidir.
Diqqətə çatdırılıb ki, Qanunun tətbiqi sahibkarlıq sahəsində yoxlamaların hüquqi tənzimlənməsinin güclənməsinə, sahibkarların maraqlarının müdafiəsinin daha səmərəli təmin olunmasına, keçirilən yoxlamaların sayının azalmasına, dövlət nəzarəti orqanları tərəfindən aparılan nəzarət tədbirlərinin keyfiyyətinin yüksəlməsinə və ölkədə sahibkarlığın inkişafına müsbət təsir göstərəcək.
Zaur Qasımov qanundan irəli gələn vəzifələrin icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən görülən işlər və qarşıda duran vəzifələr barədə də məlumat verib. Qeyd olunub ki, Fərmanla verilən tapşırıqlara uyğun olaraq, bu il Bakıda və ölkə regionlarında müxtəlif tədbirlər təşkil edilib və həmin tədbirlərdə Qanundan irəli gələn məsələlər barədə sahibkarlara ətraflı məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov son illər Tovuzda sahibkarlıq fəaliyyətinin genişləndiyini, rayonda özəl bölmənin dinamik inkişaf etdiyini, dövlət dəstəyi ilə yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib. Bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tətbiqi və bu barədə sahibkarların maarifləndirilməsi hər bir bölgədə olduğu kimi, Tovuzda fəaliyyət göstərən sahibkarların da hüquqlarının səmərəli müdafiəsinə zəmin yaradacaqdır.
Daha sonra İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Rəşad Mustafayev və Fərid Salmanov çıxış edərək sahibkarların hüquqlarının müdafiəsi sahəsində ölkədə formalaşmış qanunvericilik bazası, sahibkarlıq sahəsində aparılan yoxlamaların təşkili və aparılması ilə bağlı məlumat veriblər.
Ədliyyə Nazirliyinin nümayəndəsi Novruz Əşrəfov isə yoxlamaların elektron uçotu, yoxlayıcı orqanların vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi barədə çıxış edib.
Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.