REGİONLAR


Tovuzda Silahlı Qüvvələr Günü qeyd olunub

Tovuz, 23 iyun, Famil Quliyev, AZƏRTAC

Tovuz Rayon İcra Hakimiyyətinin və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Tovuz şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 99-cu ildönümü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Əvvəlcə hərbi orkestrin musiqi sədaları altında hərbi hissənin əsgərlərinin parad-keçidi olub.

Hərbi hissənin şəxsi heyətini bayram münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, artıq 19 ildir ki, 26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir.

Diqqətə çatdırılıb ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. Ümummilli lider Heydər Əliyev imzaladığı Fərmanla tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası ilə bağlı çox böyük əhəmiyyətə malik bir addım atıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır.

Qeyd olunub ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü ordusudur və işğal altında olan torpaqlarımızı hər zaman azad etməyə qadirdir.

N saylı hərbi hissənin komandirinin müavini, polkovnik-leytenant Murad Muradov bayram münasibətilə şəxsi heyəti təbrik edib, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb.

Tədbir konsert proqramı ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.