REGİONLAR
Tovuzda akademik Zərifə Əliyevanın xatirəsi anılıb
Tovuz, 28 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə partiyanın qərargahında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri YAP Tovuz rayon təşkilatının Qadınlar Şurasının sədri Aybəniz Dəmirova açaraq akademik Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafında və zənginləşdirilməsində fəaliyyəti haqqında danışıb. Qeyd edilib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator alim olub.
Digər çıxışlarda da görkəmli oftalmoloq-alimin Azərbaycanın tibb elminə verdiyi töhfələrdən söz açılıb.