REGİONLAR
Tovuzda bələdiyyə seçkiləri ilə əlaqədar seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil edilib
Tovuz rayonunda bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil edilib.
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasının sədri Xəqani Vəliyev AZƏRTAC-a bildirib ki, Prezidentin “Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamı əsasında keçirilən kursun birinci günü rayon icra hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi məsələlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, rayon polis şöbəsinin rəis müavini Ceyhun Nuriyev “Seçiçi siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu. Onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri”, dairə seçki komissiyasının sədri Xəqani Vəliyev “Seçici siyahıları ilə iş qaydası” mövzularında çıxış ediblər.
Dinləyicilərin seçki prosesi ilə bağlı sualları cavablandırılıb.
Oktyabrın 22-də Ağstafa 108 saylı və Qazax 107 saylı seçki dairələrində də həmin mövzular üzrə ixtisaslaşdırılmış kurslar təşkil olunub.