REGİONLAR
Tovuzda bu günədək 28 min 590 sakin tibbi müayinədən keçib
Tovuz, 2 mart, Famil Quliyev, AZƏRTAC
Dövlətimizin başçısının tapşırığına əsasən, ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi aksiyası Tovuz rayonunda da uğurla davam etdirilir. Bu məqsədlə Tovuz Rayon İcra Hakimiyyətində müvafiq komissiya yaradılıb, qrafik tərtib olunub. Həmçinin, müxtəlif ixtisaslı peşəkar həkimlərdən ibarət həkim briqadaları təşkil edilib.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradov AZƏRTAC-a bildirib ki, indiyədək 28 min 590 sakin müayinə olunub. Müayinə olunanlardan 4460 nəfəri ambulator, 147 nəfəri stasionar müalicəyə cəlb edilib. Rayon sakinlərindən 36 nəfər isə müalicələrini davam etdirmək üçün Bakının müvafiq xəstəxanalarına göndərilib.
Müayinədən keçən rayonun Bozalqanlı kənd sakini Nazim Hümbətov əhalinin sağlamlığının qorunması üçün təşkil edilən bu xeyirxah aksiyaya görə Prezident İlham Əliyevə rayon sakinləri adından minnətdarlığını bildirib.