REGİONLAR
Tovuzda dolunun yaratdığı fəsadlar aradan qaldırılır
Tovuz, 24 may, AZƏRTAC
Ötən gün axşam saatlarında küləklə müşahidə olunan dolu və yağış Tovuz rayonunda da bir sıra fəsadlar yaradıb. Rayonun dağ kəndlərinə dolu düşüb. Təsərrüfata, əsasən də, kartofçuluğa və meyvəçiliyə ciddi ziyan dəyib.
AZƏRTAC xəbər verir ki, yağan dolu əsasən Kirən, Böyük Qışlaq, Çatax, Yanıxlı və Köhnə Qala kəndlərinə düşüb. Buz parçaları kartof sahələrinə, meyvə bağlarına ziyan vurub. Sakinlərin sözlərinə görə, küləklə müşahidə olunan leysan xarakterli yağış kənddəki ağacları da qırıb.
Dolu və güclü külək Köhnə Qala kəndinin bir hissəsinin elektriklə təchizatında da çətinlik yaradıb. Belə ki, hündürlüyü 20 metrdən çox olan irigövdəli ağac kənd sakini Vidadi Həsənovun həyətinə aşıb. Nəticədə naqillər, dirəklər və bir neçə sakinin sayğacı sıradan çıxıb.
Təbiət hadisəsi ucqar dağ kəndi Kirəndə kartof sahələrinə ziyan vurmaqla yanaşı, 100-dən artıq toyuq-cücəni də tələf edib.
Rayon icra hakimiyyətindən bildiriblər ki, kəndlərdə elektrik enerjisi artıq bərpa olunub və hazırda təbii fəlakətdən ziyan görən yaşayış məntəqələrində rayon fövqəladə hallar komissiyasının üzvləri dəymiş ziyanın miqdarını müəyyənləşdirir.